Bir vaxtlar yurdumuzun gözəl təbiətə malik rayonlarından biri olan Kəlbəcərin işğal olunduğu gün böyük ürək ağrısı və yanğısı ilə xatırlamağa məcbur olan kəlbəcərlilər və bütün xalqımız artıq beş ildir ki, tamam ayrı düşüncədə, tamam ayrı əhval ruhiyyədədir. Şanlı tariximizə Vətən Müharibəsi kimi daxil olmuş 44 günlük Zəfər marafonumuzun sonunda düşmən ağ bayraq qaldırmağa məcbur edildi.
2020-ci ilin 25 noyabrında Kəlbəcər 10 Noyabr Üçtərəfli Bəyanata əsasən qeyd-şərtsiz, bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. 30 ilə yaxın müddətdə ölkəmizin demək olar dörd bir tərəfinə səpələnmiş və məcburi köçkün həyatı yaşamağa məcbur olmuş kəlbəcərlilər öz dədə-baba yurdlarına getmək imkanı qazandılar. Azərbaycanın ən qədim insan yaşayan məskənlərindən biri olan “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Bu qədim, ecazkar təbiətə, yeraltı və yerüstü sərvətlərə malik olan rayon da təəssüf ki, ötən əsrin doxsanıncı illərinin əvvəllərindən başlayan erməni təcəvüzü, işğalından zərər çəkən rayonlardan biri oldu. 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edildi. Ermənistan bütün işğal etdiyi ərazilərimiz kimi bu rayonda da əsl vandalizm aktları törətdi. Rayonun tarixi, mədəni irsi, məktəbləri, tibb ocaqları, sosial və sənaye infrastrukturu əsl vandalizm aktlarına məruz qaldı. Düşmən özünün olmayanı ya dağıdar, ya da istismar edər prinsipi ilə Kəlbəcəri düz otuz ilə yaxın dövr ərzində talamaqla məşğul oldu.
Lakin onlar unutdular ki, bir gün buranın əsl sahibi gələcək və sən cavab verməli olacaqsan. Vətən Müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdi. Ordumuz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bilmiş və faktiki olaraq onların Basarkeçər-Kəlbəcər yolundan istifadə etmələrinə imkan verilməmişdi. Qeyd edilən faktlar düşmənin bu istiqamətdə hərəkətini iflic vəziyyətinə salmışdı. Bunun nəticəsi idi ki, çıxılmaz vəziyyətdə qalan, aktiv döyüşlər gedən digər ərazilərdəki sarsıdıcı məğlubiyyətlər, Azərbaycan əsgərinin ağılasığmaz şücaət və qəhrəmanlığı onları məğlubiyyətlərini qəbul etməyə vadar etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr tarixini Kəlbəcər Şəhəri Günü kimi təsdiq edib. Bundan sonra xalqımız hər il 25 noyabr tarixini əbədi olaraq Kəlbəcərin işğaldan azad edildiyi tarix kimi xüsusi qeyd edəcəkdir.
Hilal Əhmədov
Neftçala rayonu
