20 Yanvar qətliamı bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir – ŞƏRH

20 Yanvar qətliamı bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir – ŞƏRH

Sevinc Kərimova ·

20 Yanvar qətliamı təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir.

1990-cı ilin 20 Yanvar tarixində törədilmiş cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Həmin gün əliyalın Azərbaycan xalqının rus tanklarının üzərinə yeriməsi böyük qəhrəmanlıq hadisəsidir. Ötən əsrin səksəninci illərinin sonlarında SSRİ rəhbərliyi ittifaqda tüğyan edən iqtisadi, siyasi, hərbi, sosial böhran nəticəsində xalqlar arasında alovlanmış milli azadlıq hərəkatlarını vəhşicəsinə yatırmaq, xalqlara qanlı divan tutmaq yolu ilə azadlıq hərəkatlarını qan içində boğmağa çalışırdı. Lakin cərəyan edən hadisələr əks-təsir göstərdi. O zaman xalqımız gözəl anlayırdı ki, mübarizə apararaq, azadlığını qazana, bu cinayətkar imperiyanın tərkibindən çıxa bilər.

Sovet rəhbərliyi azadlıq hisslərinin ən yüksək səviyyədə olduğu Azərbaycanda qırğın törətməyi qarşısına məqsəd qoyaraq, cəza tədbiri ilə milli özünəinamı boğmaq, digər xalqlara dərs vermək istəyirdi. Məhz bu məqsədlə də SSRİ rəhbərliyi Bakıya qoşun yeritdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabitləri Bakı şəhərinə gətirilərək “Qala” və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdi. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilmişdi. Halbuki yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də doğma Neftçalamızda, yanvarın 26-da Lənkəranda insanlar qətlə yetirilmişdi.

Ümumilikdə bu qanlı terror nəticəsində Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta Şəhid olmaq əzmini bütün dünyaya nümayiş etdirmişdi. Allah bütün şəhidlərimizi rəhmət eləsin!.

Mustafa Qaramanlı;
Neftçala rayonu, ehtiyatda olan hərbçi