BMT Baş Assambleyasının 2017-ci ildə verdiyi qərara əsasən, 20 may tarixi Ümumdünya Arı Günü kimi qeyd edilir.
Redaksiya xəbər verir ki, məqsəd ekosistemdə arıların və digər tozlandırıcıların planetin və insanların sağlamlığı üçün daşıdıqları böyük əhəmiyyətə, eyni zamanda arıçılıq təsərrüfatlarının bu gün qarşılaşdıqları çoxsaylı problemlərə diqqət çəkməklə, bu barədə məlumatlılığı artırmaqdır.
Ölkəmizdə son illərdə arıçılığın inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilib və müsbət nəticələr əldə olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi arıçılıq təsərrüfatlarında sağlamlaşdırıcı tədbirləri davam etdirir. Ölkəmizdə arıçılıq məhsullarının ekspertizası, laborator müayinələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda ən müasir metodlara uyğun şəkildə aparılır.
