15 dəqiqəlik Sİ istifadəsi belə motivasiyanı azalda bilər

15 dəqiqəlik Sİ istifadəsi belə motivasiyanı azalda bilər

Aytac Dəniz · Media ·

Süni intellektdən, yəni Sİ-dən qısa müddətli istifadə belə insanın müstəqil düşünmə və tapşırıq həll etmə motivasiyasına təsir göstərə bilər.

Redaksiya xəbər verir ki, alimlər 1200 nəfərin iştirakı ilə eksperiment aparıblar. İştirakçılar iki qrupa bölünüb: bir qrup tapşırıqları Sİ alətləri ilə, digər qrup isə Sİ olmadan həll edib.

Təcrübənin növbəti mərhələsində birinci qrupun Sİ-yə çıxışı dayandırılıb. Bundan sonra həmin iştirakçıların tapşırıqları yerinə yetirməkdə daha çox çətinlik çəkdiyi və ikinci qrupla müqayisədə iki dəfə çox sualı buraxdığı bildirilib.

Araşdırma müəllifləri hesab edirlər ki, Sİ-yə tez alışmaq insanlarda zehni səy göstərmək istəyini azalda və sadə tapşırıqlarda belə passivlik yarada bilər.

Bununla belə, nəticə Sİ-nin insanı “ağılsızlaşdırdığı” anlamına gəlmir. Problem daha çox alətdən yanlış istifadə zamanı yaranır: insan düşünmə prosesini tamamilə Sİ-yə ötürəndə tənqidi düşüncə, yaradıcılıq və davamlı diqqət zəifləyə bilər.

Ekspertlər bildirirlər ki, Sİ-dən düzgün istifadə üçün əsas prinsip onu hazır cavab verən əvəzləyici kimi yox, düşüncəni gücləndirən köməkçi alət kimi tətbiq etməkdir.