Noyabrın 22-də "Üzləşmə" silsiləsindən olan üçüncü forum – “10 Sərkərdə” baş tutdu.
Tanınmış spikerlər İkram Rüstəmov, Sakit Səmədov və Rövşən Abdullaoğlu mövzularını dərindən, şablonlardan uzaq, düşündürücü fikirlərlə izah etdilər.
Forumun aparıcısı Kamran Ağabalayevin peşəkarlığı, səmimiyyəti və mövzulara agahlığı spikerlərə çıxışlarını gözəl şəkildə tamamlamaq imkanı yaratdı. Beynəlxalq müsabiqələr laureatı pianoçu Aytac Məliklinin gözəl ifaları isə tədbirə xüsusi ab-hava qatdı.
Bu dəfə də spikerlər dinləyicilərlə fikir mübadiləsi apararaq, qarşılıqlı ünsiyyətdə olaraq iştirakçıların suallarını əhatəli və dolğun cavablandıra bildilər.
Daha bir yenilik “On sərkərdə” debatının quruluşçu rejissoru Anar Babalının auditoriyadakı dinləyiciləri debata iştirakçı kimi cəlb etməsi oldu. Beləcə, onlar kitab və çıxışlar barədə fikirlərini tək spikerlərlə deyil, bütün tədbir iştirakçıları ilə bölüşə bildilər.
Auditoriyanın fəallığı forumun diqqətçəkən məqamlarından biri idi. İştirakçılar saat 11:00-da başlayıb 16:00-da başa çatan forumun sonuna qədər tədbirdə qaldılar, üstəlik, tədbirdən sonra davam edən imza saatında da yüzlərlə oxucu iştirak etdi.
Qeyd edək ki, forum hər altı aydan bir keçirilir və hər dəfə foruma daha çox insanın qatılmağı cəmiyyətimizdə bu tədbirə olan maraq və istəyin artdığını göstərir.
Təşkilatçılar bu ənənəni davam etdirmək, cəmiyyət üçün əhəmiyyətli mövzuları müzakirəyə çıxararaq faydalı fikirləri daha geniş auditoriyaya çatdırmaq niyyətindədirlər.
"Üzləşmə" sadəcə silsilə forumlar deyil. Düşünmək, müzakirə etmək, mühüm suallara birlikdə cavab axtarmaq fürsətidir.

10 Sərkərdə - ÜZLƏŞMƏ III FORUMU - FOTOLAR
Aytac Dəniz · Mədəniyyət ·