1 milyona yaxın borcu olan yerli şirkətə EBRD kredit ayırır

1 milyona yaxın borcu olan yerli şirkətə EBRD kredit ayırır

Aytac Dəniz · İqtisadiyyat ·

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda fəaliyyət göstərən “Times Consulting” MMC-yə 7 milyon ABŞ dolları məbləğində kredit ayıracaq.

EBRD-nin məlumatına görə, maliyyələşmə yerli valyutada (AZN ekvivalentində) təqdim olunacaq. Kredit şirkətin əsaslı xərclərinin maliyyələşdirilməsi, balans strukturunun yenidən qurulması və dövriyyə kapitalının dəstəklənməsinə yönəldiləcək.

Bildirilib ki, kredit iki hissədən ibarət olacaq: 5 milyon ABŞ dollarınadək təsdiqlənmiş tranş və 2 milyon ABŞ dollarınadək təsdiqlənməmiş tranş.

Vergi məlumatlarına əsasən, “Times Consulting" şirkətinin vergi borcu 858 min manatdan çoxdur.

Şirkət 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonudur. Şirkətin nizamnamə kapitalı 20 manat təşkil edir. Qanuni təmsilçisi Elqar Bağırov Etibar oğludur.

Qeyd edək ki, Elqar Bağırov 2018-ci ildən “Caspian Energy USA” şirkətinin baş icraçı direktoru vəzifəsində fəaliyyət göstərir.

“Times Consulting” açıq hava reklamı (out-of-home) və rəqəmsal açıq hava reklamı (DOOH) sahəsində fəaliyyət göstərir. Şirkət media planlaşdırılması, reklam yerləşdirilməsi və kampaniyaların tam icrası xidmətlərini təqdim edir.

EBRD bildirib ki, layihə çərçivəsində şirkətin rəqəmsal reklam inventarının genişləndirilməsi, əlavə DOOH ekranlarının quraşdırılması, maliyyə strukturunun yaxşılaşdırılması və qısamüddətli borcların daha uzunmüddətli maliyyələşmə ilə əvəzlənməsi nəzərdə tutulur.

Layihənin ümumi dəyəri 8 milyon ABŞ dollarıdır. EBRD maliyyələşdirmə qərarını 15 sentyabr 2026-cı ildə təsdiqləyib.

plat.az